Mətnə keç
Vüsal Aydın

Doqquz

Elay

Rəy

Məni dialoqları ilə bezdirib ətimi tökən bu romanın təhlilinə başlamazdan əvvəl onu deyim ki, bu vaxta qədər yazdığım bütün yazılarda olduğu kimi, bu rəyimdə də tamamilə subyektiv, müzakirəyə açıq fikirlərimi paylaşacağam. Romanın həqiqi çəkisinə mənim münasibətimin, daha doğrusu, təəssüratımın zərrə qədər təsiri yoxdur. Oxuduğum kitab Xan nəşriyyatında 2026-cı ildə çap olunub, naşiri Səbuhi Şahmursoy, redaktoru Cavid Qədirdir; yazıdakı səhifələr də həmin nəşrə aiddir. İndi isə romanın məndə oyatdıqları barədə.

Açılışı epiloq edir və elə ilk abzasdan hiss edirsən ki, Elay cümlələri və reallığı malalamaq fikrində deyil, danışacağı əhvalatın üstünü örtməyəcək. Yaradıcı yazarlıqda buna “müəllif vədi” deyilir. Epiloqun bağlanış cümləsi də bu vədin möhürü kimi səslənir: “O da hamı kimi çox böyük günahlar işləmiş balaca məsum idi”. Elay oxucuya verdiyi vədi unutmur. Əvvəldə bir söz atılır, xırda bir vəd verilir, haradasa gəlib qabağımıza çıxır. Bu məsələni, səhv xatırlamıramsa, Naiq Babayevin “Kor nöqtə” romanında da bəyənmişdim. Bu da gözüaçıq, nə yazdığını bilən yazıçılarda rastlaşdığımız haldır.

Əhvalat belə başlayır: adını bilmədiyimiz kəndə yad bir adam gəlir, Kəndxuda ilə görüşür, Respublikadan göndərildiyini və əhalini siyahıya alacağını deyir. Müəllif Kəndxudaya gah Qoca, gah Kəndxuda deyir, gələni isə Qara adam adlandırır. Qara adamın üzündə qulaqları arasında körpü yaradan daimi təbəssüm var. Qonaq Kəndxudanın evində gecələyir, ancaq gecələr soyunub nağara çalır, özü də səsi çıxmadan. Biz təkcə “bu adam kimdir?” demirik, “bura haradır?”, “bu necə ölkədir?”, “burada nə baş verir?” deyə də düşünürük. İlk fəsildə Kafkanın “Qəsr” romanını xatırladım. Oradakı qəribə boşluq, müəmma, absurdun təbii və inandırıcı görünməsi burada da sezilir. Roman özünü oxutdurur.

Əsərdə heç kimin rəsmi adı yoxdur, hamı yaşına, işinə, kənddə tutduğu mövqeyə görə adlandırılıb: Kəndxuda, Qəssab, Dülgər, Kor qarı, Göyərçin... Ad yoxdur, ancaq kimlik var və obrazlar adına görə yox, kimliyinə görə davranır. Elay öz işini də məhz bu kimlik, sosial mövqe və şəxsi keyfiyyətlər üzərində qurub. Obrazların, demək olar ki, hamısı fərqlidir, heç kim başqasına bənzəmir və bu kolorit romanın əvvəlindən axırına qədər qorunur. Müəllif personajlarını yaxşı tanıyır, kimin hansı vəziyyətdə nə reaksiya verəcəyini bilir.

Kitabın lap əvvəlindən xoşuma gələn cəhətlərdən biri müəllifin tələsməməsi oldu. Elay mətndə qabağa qaçmağa çalışmır. Səhnədə dayanır, səni oradakı absurd reallığa dəvət edir, o vəziyyəti sənə də hiss elətdirir. Təəssüf ki, bizim müəlliflərin əksəriyyətində bunu görmürük: tələsən mətn oxucunu təngnəfəs edir, hadisələri qaçarappa çatdırıb mühiti, romanın aləmini ona daddırmır. “Doqquz”da isə xırda detalların üstündə dayanmağa vaxt var. Məsələn, 22-ci səhifədə Qoca arvadı ilə yüngül dilləşəndən sonra qonaqla süfrəyə oturur: “Qoca balığın tikəsini güclə uddu. İt qızı həmişə belə edirdi. Aralarında nə isə olan kimi yeməyi zəhərə döndərirdi. Cavanlığında yazıq anası…” Müəllif nə uzun-uzadı keçmişə gedir, nə münasibətlərini quru sözlərlə nəql edir, nə də səni o münasibətin rəngindən məhrum qoyur. Az sözlə çox təsvir verir. Qonaq-Qoca-arvad üçbucağı əla qurulub: səhnə qısadır, ancaq çox şey danışır.

Romanın mənə verdiyi zövq 57-ci səhifədə birə-beş artdı. Ora qədər də yaxşı idi, orada əla oldu. Ət almağa gələn ana Qəssaba qızının nadincliyindən şikayətlənir və “Qəssab əmi, bu nadinc qız sözə baxmasa, dilini kəsərsən” tərzində, özünün şirin tərzdə hədə-qorxu gəlir. Uşağı da ömür boyu “Qəssab səni doğrayar”, “Sözə baxmasan, aparacam, qəssab kəsəcək” kimi sözlərlə tərbiyə ediblər. Elay uşağın da, ananın da, Qəssabın da xarakterinə uyğun psixoloji fon qurub. Sonra səhnə elə gözlənilməz istiqamətə dəyişir ki, əlim ağzımda qaldı. Nə baş verdiyini yazmıram, mütləq oxuyun. Mən o səhnədə bildim ki, bu roman o birilərdən deyil.

Əsər valideynin instinktiv müdafiəsini də yaxşı göstərir. 37-ci səhifədə Qara adam Göyərçinlə görüşmək istəyir. Nə baş verəcəyini hələ bilməyən anasının reaksiyası sadə və dərin olur: “Mənim uşağım kimə nə edib ki?” 107-ci səhifədə də belə bir yer var: Kəndxuda Qara adamın atası barədə dediyinə təəccüblənib duruxur və ağzına gələn ilk sualı verir: “Bəs anan?” Bu əla idi.

Təəssüf ki, dialoqlar həmişə belə olmur. Hətta deyərdim, romanın ən zəif, ən kövrək həlqəsi elə dialoqlardır. Elay bəzən təhkiyəni elə də mahir olmadığı dialoqlara həvalə edir, hekayənin necə davam etdiyini, nələrin baş verdiyini personajların danışığından öyrənməli oluruq. Müəllifin öz dilində daha gözəl alınan yerlərdə yükün dialoqa verilməsi atmosferi zədələyir, tənbəl ssenarist effekti yaradır. Bir də bu danışıqlar lazımsız qədər uzanır. “– Mən səni çox istəyirəm. – Yox, mən səni çox istəyirəm. – Mən daha çox istəyirəm…” kimi davam edib adamın zəhləsini tökür. Bəzən dialoqlar romanda sadəcə səs-küy yaradır. Hiss olunur ki, Elay üçün dialoq üzməyi bilməyən adam üçün dalğalı dəniz kimidir. Bəzən isə əməlli-başlı bataqlıq təəssüratı yaradır: düşürsən, çıxa bilmirsən. Bir qismini gözümü qırpmadan silər, bir qismini kökündən redaktə edərdim.

Danışıq tərzi ilə bağlı başqa iradım da var. Savadsız əhalidən ibarət bu kəndin adamları xeyli səlis cümlələrlə, savadlı danışıq tərzində söhbətləşirlər. Bəzi danışıqlarda öz mühitlərindən çox müəllifin səsini eşidirəm. Kəndxudanın özü də yazıb-oxumaq bilmir, Qara adamın sənədini oxuya bilmir. Ancaq 15-ci səhifədə deyir ki, müharibə vaxtı “yazılı şəkildə müraciət edib əli silah tutan kişilərin siyahısını istədilər”. Kitabın sonuna doğru isə bu sözləri deyən adamın yazı yaza bilmədiyinə tam əmin oluruq.

Bir də kəndin ölçüsü məsələsi var. 18-ci səhifədə oxuyuruq: “Kənddə cəmi iyirmi yeddi ailə var. Cəmi yüz səkkiz nəfər...” 50-ci səhifədə isə gecə kəndi gəzən Kəndxuda məhəllələrdən, dalanlardan keçir. Yüz səkkiz nəfərlik kənddə məhəllələr, dalanlar? Hadisələr qarışdıqca izdihamlar da böyüyür. Məncə, o dəqiq sayları verməsəydi, müəllif öz qurduğu dünyanı lazımsız yerə məhdudlaşdırmazdı.

Əsərdə heç sevmədiyim digər gediş səhnənin kiminlə başladığının gizlədilməsidir. “Qaranlıqda irəliləyirdi”, “Nə edəcəyini bilmirdi” tərzində başlayan abzaslar, fəsillər çoxdur. Kimsə harasa gedir, kimsə nəsə edir, ancaq kim olduğunu bilmirsən. Guya bu müəmma yaradır da. Qətiyyən! Bədii mətndə hərəkət onu yerinə yetirən obrazla məna qazanır. Tutaq ki, kimsə maşını çox sürətlə sürür. Bu, A personajı üçün başqa məna kəsb edə bilər, B personajı üçün başqa; birinin tələsməyinə gülərik, o birininkinə görə narahat olarıq. Kim olduğunu bilməyəndə isə səhnəni necə oxuyacağımızı da bilmirik. Onsuz da bir az sonra adını öyrənəcəyik, onda elə əvvəldən yaz: “Kəndxuda qaranlıqda irəliləyirdi”. “Doqquz”un daha önəmli, daha gözəl qurulmuş müəmmasına bu ucuz texnikanı yaraşdırmadım.

Oxucuya məlum olan məsələlərin təkrar izahı da oxu zövqümü azaltdı. Kor qarı ilə bağlı bir hissədə hər şey aydın olduğu halda təhlili bir dəfə də Qəssabın düşüncələrindən eşitməli oluruq. Bu barədə çox danışmaq istəmirəm, qanım qaralır: belə səhnələr qura bilən müəllifin sonradan onları izah etməyinə nə ehtiyac var? Kitabın sonunda redaktorun publisistik yazısı da eyni səbəbdən kefimi pozdu. Kim kimi təmsil edir, nə nəyin işarəsidir, qoy oxucu özü tapsın. Romanın açdığını yenidən izah edib bağlamaq nəyə lazımdır?

“Doqquz”un dili isə mənə böyük zövq verdi. Geniş söz bazası, həlim cümlələr, canayaxın ifadələr var. 213-cü səhifədəki bu cümləyə baxın: “Elə qaranlıq idi ki, ilk dəfə qaranlığın qaranlıq saçmağını gördüm”. Belə yerlərdə Elayın təsvirinə heyran qalıram. 78-ci səhifədə isə Kor qarı yaşını niyə xatırlamadığını belə izah edir: “Qaranlıqda günlər, aylar, illər qarışır. Zamanın kələfi əldən çıxır”. Təkcə o personajın həyatı ilə məhdudlaşmayan belə təsbitlər az deyil.

Dil məsələsində Cavid Qədirin də əməyini alqışlayıram. Ayrı-ayrı yarımçıq cümlələr, söz sırası yaxşı qurulmayan yerlər qalsa da, ümumilikdə ciddi redaktor işi hiss olunur. Bir də “sanki” çoxdur mətndə. Bu qədər lazım deyildi. Sanki sanki sanki… nəyi sanaq? Arqolar isə əsasən yerindədir. Mənim arqoya münasibətimi yazılarımı oxuyanlar bilir: dilin ayrılmaz hissəsidir və istisnasız bütün sözlər kimi düz yerində işlənəndə əla olur. Burada mətnə “tərbiyəsizlik” qatmır, əksinə, təbii oxunur.

Romanda çoxlu mifoloji göndərmələr var. Dədə Qorquddan tutmuş yunan mifologiyasına qədər bir çox qədim mətnin, həmçinin modern ədəbiyyatın izlərini tapmaq mümkündür. Onu da qeyd edim ki, müəllifin dünyagörüşünü də çox bəyəndim. Adətən icbari verilən orta təhsili belə düz-əməlli almamış müəlliflər çox oxuyuruq. Baxırsan ki, mətndə yekə-yekə iddialar, təbliğatlar var, ancaq müəllif müdafiə elədiyi mövqeni özü düzgün qavramayıb. Bu sətirlərim sizə eqoizm kimi gələ bilər, elə mənə də bir az elə gəlir, ancaq təəssüf doğuran bu reallığı ürək ağrısı ilə yazıram. Hər təbəqədən oxucunu kitabı ilə təəccübləndirmək istəyən adam yazıçı olmaq üçün öz üzərində mütəmadi işləməlidir, heç olmasa, elementar elmi biliklərə yiyələnməlidir. Bu baxımdan Elayda heç bir çatışmazlıq görmədim, əksinə, qələminin altında möhkəm fundamentin olduğu dəqiq hiss olunur. Obrazların, onlar arasındakı münasibətlərin psixoloji alt qatı o qədər sağlam qurulub ki, heç nə göydəndüşmə, müəllif diqtəsi kimi görünmür.

Obrazlarla bağlı bəyəndiyim başqa bir məsələ onların hekayəsinin ölümdən sonra da davam etməsi oldu. Ölüm anında “yaşadıqları”, öləndən sonra başlarına gələnlər də işlənib, müəllif insanın hekayəsini son nəfəsində yarımçıq qoymur. Necə etdiyini yazmayacağam. Ancaq əsərin qəribə dünyasına inanmağımda bu hissələrin də payı oldu. Düşünürsən ki, indi yəqin belə olar, ancaq başqa cür olur və o başqa cür daha təbii görünür.

Bu faciələrin içində bir də zil qara yumor var. Qırğın-qiyamətin, baş kəsənlərin, qanı su yerinə axıdanların arasında elə bir cümlə atır ki, şaqqanaq çəkirsən. Ən heyranlıqla güldüyüm 329-cu səhifədəki bu cümlələr oldu: “Elə iştahla yeyirdi ki… Düz ikisini yedi”. Romanın dadı-duzu ironiya və alt qatlardakı bu yumordur. Absurd, gözlənilməz, ancaq öz məntiqinə inandıran roman yazmaq hər müəllifə nəsib olmur. Əhsən! Sonlara doğru roman bu məntiq məsələsində azca büdrəyir, ancaq əsla yıxılmır.

Belə. Bu roman haqqında danışılacaq çox şey var, hamısını bura sığdıra bilmərəm. Kənarına “ƏLA”, “MÖHTƏŞƏM” yazıb altını xətlədiyim çox hissə oldu, ən çoxu da “Altıncı gün”də. Mütləq tövsiyə edəcəyim əsərdir. Elayı şəxsən ilk dəfə 23 oktyabrda, Bakı Beynəlxalq Kitab Sərgisində gördüm. Adını eşitmişdim, ancaq əvvəlki kitablarını oxumamışdım. Bundan sonra nə yazsa, oxuyacağam.

Müəllifin qurduğu unikal atmosferi, yəqin ki, uzun müddət unuda bilməyəcəyəm. Qələmin də gücü buradadır: roman bitir, ancaq şirin təhər ət qoxusu havadan çəkilib getmir.

Daha çox oxu

Doqquz (Elay) — Vüsal Aydın