Kölgə: kod adı Umbra
Südabə Sərvi

Südabə Sərvinin “Kölgə: kod adı Umbra” romanından danışmazdan əvvəl kitabın özü barədə bir neçə söz demək istəyirəm. Mücrü nəşriyyatının 2026-cı ildə çap etdiyi bu kitabın dizaynı, fiziki keyfiyyətləri məni məyus etdi. Üz qabığından sonra kitabın adı, nəşr məlumatları, müəllifin kitabı göz yaşları içində yazması barədə qeyd, “Redaktordan” hissəsi və ön söz dalbadal gəlir, arada bir səhifəlik nəfəs yeri də qoyulmayıb.
Bəlkə düşünərsiniz ki, fiziki keyfiyyətlərin kitabın ədəbi dəyərinə nə dəxli var? Mən elə düşünmürəm. Biz sosial medianın parlaq, qısa, gülməli, ağlamalı videolarından uzaqlaşıb kitab oxumağı seçiriksə, kitabla yaxşı vaxt keçirməliyik. Nəşriyyatlar kitabı fiziki obyekt kimi də cazibədar etməlidirlər. Yazmaq kağızı qaraltmaq olmadığı kimi, oxumaq da təkcə sözləri görmək deyil.
Nəfəs demişkən, romanın özündə də hadisələr nəfəs almır. Ya narkotik, ya cinayət, ya rüşvətxorluq, ya da bütün bunların müqabilində verilən öyüd-nəsihətlər. Ağır mövzuların bir romanda toplanmasına etirazım yoxdur, ancaq burada bir faciəni yaşamağa macal tapmamış növbətisinin izahı başlayır. İnsanları tanımaqdan çox onların başına gələnləri öyrənirik.
Hiss olunur ki, Südabə Sərvi xeyirxahlığın tərəfindədir, narkotik ucbatından dağılan ailələrə görə dərindən təəssüflənir və bu hissələri olduqca kövrək notlarla yazır. Ancaq mətn bu hissiyyatı ədəbi ağırlıqla yox, didaktik tövsiyələrlə daşımağa çalışır. Nəticədə əsər bədii romandan daha çox cəmiyyət üçün ürək yanğısı çəkən jurnalist xanımın səmimi qeydləri kimi oxunur. Bir neçə yerdə hətta belə yazılır: “Müəllif yaza-yaza təəssüflənirdi”. Təəssüfü hiss etmək əvəzinə onun haqqında faktı oxumalı oluruq.
Südabə Sərvinin xəfif yumoru isə bəzən üzümüzü güldürür. Müstəntiqin otağına gələn Bomba Ramiz haqqında “Adama elə gəlirdi ki, nəhəng topdur, yeriyir” yazılır. Otaqdan çıxması da təsvirə uyğundur: “Bomba Ramiz dalı-dalı yumrulanıb, top kimi, otaqdan çıxdı”. “Yumrulanıb” yerinə “yuvarlanıb” daha münasib olardı, amma adam gözünün qabağında canlanır. Yaxud səhifə 78-dəki bu cümlə: “Duman dəmiryolu boyunca qatı bir ipək kimi havaya sərilmişdi”. Müəllifin belə təsvirlərini bəyəndim.
Keçmişə dönüşlər də uğurludur: obrazların indiki vəziyyətini əvvəl baş verənlərlə əlaqələndirə bilirik. Şübhəlilərin dindirildiyi bir sıra səhnələr təbii və inandırıcı alınıb. Müstəntiq Fərid Bayramlının detallardan birbaşa nəticə çıxarmağa tələsməməsi də xüsusilə xoşuma gəldi. Lakin roman baş qəhrəmanın səbri barədə qənaətə özümüzün gələcəyimizə arxalanmır, onu dəfələrlə izah edir.
Ümumiyyətlə, Fərid qədər təriflənən obraz görməmişdim. Səhifə 21-də “çox savadlı, bacarıqlı, diqqətli, öz işinə məsuliyyətlə yanaşan peşəkar müstəntiq” olduğunu öyrənirik. Səhifə 58-də yenə savadlı, intellektual, dürüst, paqonunun adını uca tutan istintaq işçisi kimi təqdim edilir. Səhifə 138-də isə ayrıca tərcümeyi-halı verilir: doğum ili, yaşı, təhsili və xeyli tərif. Hamısı müəllifin təhkiyəsindədir. Bu qədər təqdimatdan sonra adamın işləməyinə baxmaq istəyirsən. Gedişat isə tərifin altını yaxşı doldurmur.
Səhifə 100-də Fərid kabinetində oturub əlini düyməyə uzadır və belə bir əmr verir: “Həmin gecə şəhəri tərk edənlərin siyahısını gətir. Təyyarə, quru, su. Fərqi yoxdur”. Buradakı “həmin gecə” romanın əsas cinayətinin baş verdiyi, İlaxır çərşənbə axşamı kimi yazılmış, ancaq təqvim üzrə həftənin üçüncü gününə düşən 2010-cu ilin 17 mart gecəsidir. Müstəntiqin bu absurd əmrinə cavab “Rəis, özünə gəl, Bakıya girən-çıxan bəlli deyil, siyahını haradan tapım?” əvəzinə belə olur: “Oldu, rəis!” Bir neçə saat sonra siyahı artıq masanın üstünə gəlir. Təyyarə və gəmi sərnişinlərinin siyahısını haradasa təsəvvür etmək olar. Ancaq bayram axşamı quru yolu ilə şəhəri, diqqət edin, ölkəni yox, şəhəri (Bakını) tərk edənlərin ümumi siyahısı haradan gəlir? Öz maşını ilə gedənləri, başqasının maşınına oturanları kim qeydə alıb? Məsələ vaxtın azlığında deyil, belə bir qeydiyyatın mövcud sayılmasında və romanda izah olunmamasındadır. Bir dəfə zəng edilən telefonun yeri təsbit olunur, ancaq Fəridə dalbadal mesaj yazan Umbranın yeri heç araşdırılmır da. Bu cür ötüşdürülmələr çoxdur, istər ədəbi-bədii baxımdan, istər məntiq, istərsə də dil baxımından. Romanın etina ilə yazılmadığı elə ilk cümlələrdən hiss olunur. Üstəlik bu, AYB üzvü olan müəllifin on üçüncü kitabıdır, redaktəsini Müşfiq Xan edib, ön sözünü xalq yazıçısı Çingiz Abdullayev yazıb.
Detallar bəzən romana leysan kimi yağır: qan ləkəsi tapılır, başqa cinayətdən düymə çıxır, izlər bir nəfəri göstərir. Araşdırmanın necə aparıldığı isə görünmür. Sadəcə müstəntiqə zəng edib deyirlər ki, cinayət yerində qan ləkəsi tapılıb, filankəsin qanıdır (spoyler olmasın deyə adı yazmıram). Əziz oxucular və əziz Südabə xanım, qan ləkəsinin üstündə sahibinin adı yazılmır. Qan “mən filankəsdən düşmüşəm” demir axı. Onun kimə aid olduğunu bilmək üçün əvvəlcə qandan DNT profili çıxarılmalı, sonra bu profil başqaları ilə tutuşdurulmalıdır: ya bazada olanlarla, ya da şübhəlilərdən götürülən nümunələrlə. Romanda isə bunların heç biri yoxdur: nə nümunə götürülür, nə müqayisə aparılır, nə də nəticə gözlənilir. Hadisələr 2010-cu ilin Bakısında cərəyan edir və cavab bir telefon zəngi ilə gəlir. Hollivud filmlərindəki “qan varsa, qatil bəllidir” klişesi əksər hallarda yalandır, onu romana salmazdan əvvəl bir az araşdırmaq lazımdır. Lakin kimə deyirsən, İlaxır çərşənbə bayramını həftənin üçüncü gününə salan müəllifin durub FTB təlimatları oxuyacağını gözləmək yersizdir. DNT analizinin cinayət araşdırmalarındakı rolu barədə FTB-nin (FBI) rəsmi izahını, hər ehtimala qarşı, aşağıda yerləşdirəcəm.
İnsan talelərində də nəticəyə belə tələsirik. Arzu adlı qız universitetə qəbul olunur, ona “xüsusi geyimlər, telefonlar” alınır (bəli, telefonlar, cəmdə), atası bahalı maşının açarını verir. Sonra qız Rəna ilə tanış olur, onun “sevgilisi” ilə birlikdə şərab içirlər və ortalığa şantaj videosu çıxır. Rəna narkotik almaq üçün onu evdən pul oğurlamağa vadar edir. Şantajın əsasını təşkil edən hadisəni isə görmürük. “Hadisələr sürətlə inkişaf edir” demək istəyərdim, ancaq inkişaf etmir, roman tələsə-tələsə olanları danışır. Səhnə yox, söz var, təsvir yox, iddia var.
Sonra məlum olur ki, Arzu da narkotikə qurşanıb. Professor anası ilə məmur atası çıxış yolu kimi qızı universitetdən çıxarıb otağa kilidləməyi seçir. Qız abstinensiya keçirəndə (narkotik birdən kəsiləndə bədənin və ruhun düşdüyü ağır böhran) başını divara vurur, qışqırır, yalvarır. Qapını açmırlar ki, açmırlar. Bir dəfəsində anası əlini cəftəyə uzadır, ancaq eləmir. Qadın daxili monoloqunda özünə elmi adı ilə müraciət edir: “Dayan, professor. Nə edirsən? Dur!” Bu ağır səhnədə həmin müraciət məni qızın ağrısından ayırıb cümlənin qəribəliyinə qımışmağa vadar etdi. Ancaq sonra düşündüm ki, narkotikə qurşanmış Tibb Universiteti tələbəsini bu yoldan çəkindirmək üçün peşəkar müalicəni qoyub onu otağa kilidləyən anaya elə yalnız özü professor deyə bilər.
Parlaq gənclərin narkotikə qurşanıb həyatlarını məhv etdiyi doğrudur və bu ağrılı reallığın əks-sədasını bədii mətnlərdə də görmək istəyirik. Abstinensiya isə iradə sınağı deyil, həkim nəzarəti tələb edən vəziyyətdir, bəzi hallarda həyat üçün təhlükəlidir. Lakin bu romanda biz ailə zəlzələsinin episentrində dayanmırıq, əksinə, qapını kilidləyib bayırdan “Biz səni xilas etmək istəyirik, canım qızım” deyən savadsız ananın məhəbbəti ilə müəllif mərhəmətinin toqquşduğu yerdən ötüb keçirik. Abstinensiyanın necə idarə olunduğu barədə rəsmi keçidi də, hər ehtimala qarşı, aşağıda paylaşacağam.
Narkomaniya ucbatından hər şeyini, öz dediyinə görə çarpayısına qədər satmış Ağaəli də var. Müəllif bu adamı əvvəl məşhur idmançı, məşqçilərin sevimlisi, sonra dalbadal, daha sonra üçqat Avropa çempionu kimi təqdim edir. Şöhrət başını aldadıb, narkotikə qurşanıb. Şübhəlilər arasında dindirilir və cinayət-təhqiqat səhnəsi öyüd-nəsihət meydanına çevrilir. Ağaəli şöbəyə gələnə qədər müəllif obrazı yaxşıca danlayır: “heç düşünürsənmi?”, “ailəni dağıtdın”, “kimlərə uydun?” Dindirmə də Fəridin məsləhətləri ilə davam edir: “Heyifdir, evində qız uşağı böyüyür. Onun gələcək taleyini düşünürsənmi?” Adam ağlayıb razılaşır. Mən deyiləm, sizsiniz, sizcə, bu cümlə hər şeyini itirmiş narkomanı yolundan çəkindirəcək gücdədir? Obrazın daxili hazırlığı görünmür: müstəntiq deyir, obraz razılaşır. Elə bil bu vaxtacan ona ailəsini, uşaqlarını xatırladan olmayıb. Qərəz, müalicə aldığı deyilir. Altı ay sonra yaxşılaşmış halda həmin otağa qayıdan idmançı bu dəfə beşqat Avropa çempionu kimi təqdim olunur. Bu iki əlavə çempionluğun haradan gəldiyi məlum deyil. Üstəlik “Fərid onu üzündəki çapıqdan tanıdı” cümləsindən cəmi iki sətir sonra çempionun ətə-qana gəldiyini təsvir etmək üçün “üzündəki çapıq da yox olmuşdu” yazılır.
Romanın ritmi də qəribədir: səhnələr gah sürətlə irəliləyir, gah lazımsız sözlərə ilişib yubanır. Fəridin öz idarəsinin arxivinə gizlin girərkən çıxardığı açarın materialına qədər öyrənirik: “nazik dəmir açar”. Teymur Talıbov əleyhinə dəlil axtarışının nəticəsi isə iki cümlə ilə ötürülür: “Fəridin səyləri hədər getdi. Yenə yuxarıdan rəisə zəng gəldi”. Başqa yerdə evə getməsi, iş otağına keçməsi, “südlü kofe” hazırlayıb qurtum-qurtum içməsi sadalanır. Uzun-uzun düşündüyü bildirilən adamın düşüncəsindən çox içdiyi qəhvə barədə məlumat alırıq. Özü də belə: “Kofe ona çox ləzzətli göründü”.
Halbuki Teymurla qarşıdurma Fəridi tanımaq üçün yaxşı imkandır. Südabə Sərvi Teymurun ilk dialoqlarını, rəftarını təbii, koloritli qura bilib: bu adam danışdıqca kim olduğu görünür. Lakin onun sonrakı xətti də hazır ittihamlara tabe olur. Əsas itki isə başqadır. Teymur Talıbovu qardaşı, nazir müavini qoruyur. Bir vaxt müavin vəzifədən azad edilir, Teymur “başsız” qalır. Bu vaxtacan yuxarıdan gələn zənglərə görə səsini çıxara bilməyən Fərid himayə aradan qalxan kimi Talıbovu ifşa edir. İdarə rəisi Talıbova işdən məhrum olunduğunu bildirib əlavə edir: “Sənə ancaq bu köməyi edə bilərik ki, həbs olunmazsan, ancaq silahını, möhürünü təhvil verməlisən.” Romanın bu yerinə qədər Talıbovun iyrənc cinayətlərini müəllifin didaktik, tələskən təhkiyəsindən bilirik. Üstəlik bir qadının ərini şərləyib, həbs edib, sonra o qadınla cinsi əlaqədə olub, qadın isə intihar edib. Bütün bunlar elə oradaca üzünə vurulur, ancaq o, həbs olunmur, prokurorluqdan sərbəst çıxıb evinə-eşiyinə gedir. Müəllifin öyməkdən bezmədiyi “savadlı, intellektual, dürüst, paqonunun adını uca tutan istintaq işçisi” Fərid bu hala nəinki səsini çıxarmır, hətta sevinib gülür də. İllərlə qarşısını ala bilmədiyi cinayətləri törədən adamın cəzasız buraxılması onun vicdanını niyə daha çox titrətmir? Məncə, roman bu məsələnin üzərində dayansaydı, bu paradoks “Umbra kimdir?” sualından daha bədii sual olardı.
Fəridin həmin qadının intiharı barədə işlətdiyi “namusunu təmizləmisən” ifadəsini də ötürə bilmirəm. Obrazın sözü avtomatik müəllifin mövqeyi deyil. Ancaq burada bunu romanın əxlaqi nümunə kimi təqdim etdiyi qəhrəman deyir və həmin qiymətləndirmə sorğuya çəkilmir. Vaxtilə “İntiharda medianın rolu” yazımda da toxunduğum kimi, həssas oxucuları nəzərə almaq və bu məsələlərdə məsuliyyətli olmaq lazımdır. İntiharı namus təmizləmə yolu kimi göstərməyi əsla qəbul etmirəm, şiddətlə qınayıram!
Kitabın “Redaktordan” hissəsində keçmiş naşirim və dostum Müşfiq Xan yazır: “Bu romanın əsas gücü yalnız ‘qatil kimdir?’ sualında gizlənmir”. Oxuduqca məhz o başqa gücü axtarırdım. Roman isə məni israrla “Qatil kimdir?” sualının qarşısında saxlayırdı. Hətta 236-cı səhifədə sualın özü də var.
Bir nəfər gəlir, “O” yaxınlaşır, kepkalı görünür, maskalı danışır, müstəntiq harasa zəng edir, oradan “baş üstə” cavabı alır. Müəmma detalları qəsdən gizlətməklə yaradılır və bu, həmişəki kimi, süniləşmə ilə nəticələnir. Fərid obrazı müəllifin təriflərindən necə karikaturaya dönürsə, roman da təhkiyəçinin “o kim idi?”, “bu kim idi?” tərzində gizlətmələri ilə plastikləşir.
Sirr saxlamaq detektivin haqqıdır, ancaq burada sirr çox vaxt hadisənin özündən yox, məlumatın kəsilməsindən yaranır: “Və gizlətdiyi sirri müstəntiqə dedi. Sən demə...” Fərid öyrənir, biz yox. Səhifə 71-də isə “Aysunun məzarını ziyarət edən ‘O’ kimdir? Özünü nədə günahkar bilirdi?” suallarının ardınca “Hadisələrin gedişini izləyək” çağırışı gəlir. Yox bir, kanala abunə olaq, zınqırovu aktivləşdirək...
Mən Umbranın kimliyini kitabın ortalarından təxmin etmişdim. Fərid də görüşüb kim olduğunu öyrənir, ancaq gizlənpaç yenə davam edir. Elə bil gizlənən adamın hər tərəfini görürsən, ancaq oyunu davam etdirmək üçün yalandan “ay daaa, hardasan? tapa bilmirəm” deyirsən. Uşaqlarım körpə olanda evdə gizlənpaçı belə oynayırdıq.
Sonlara yaxın Sərvi adlı yazıçı xanımın Fəridlə görüşüb onu yazdığı detektivin baş qəhrəmanı elan etməsini maraqla oxudum. Xüsusən “reallıqla kağız arasında nazik pərdə” metaforası xoşuma gəldi. Ancaq oxuduqlarımı düşündükcə həmin pərdə başqa məna aldı. Elə bil yazıçı kağızla reallıq arasındakı pərdədə özü oturub və bizə yalnız kefi istəyənləri çatdırır. Mühüm hadisələr gizlədilir, onlar barədə nə düşünməli olduğumuz isə dönə-dönə izah edilir. Sərvi adlı obraz Fəridə öz kitabını – “Ağrıların kölgəsi”ni hədiyə edir. Romanda deyilməsə də, bu, Südabə Sərvinin 2023-cü ildə Mücrü nəşriyyatında çap olunmuş kitabdır. Bəlkə vacib deyil, ancaq xatırladıram: hadisələr 2010-cu ildə cərəyan edir.
Sonluğun təfərrüatlarına getmək istəmirəm, çünki əsas onurğası “qatil kimdir?” sualı olan roman üçün bu, yaxşı olmaz. Ancaq onu deyim ki, Fərid Bayramlı cinayətin üstünü açır. Bu, spoyler deyil: xalq yazıçısı Çingiz Abdullayev bunu ön sözdə deyir.
Belə. Südabə Sərvinin səmimiyyətini, xəfif yumorunu, təkəm-seyrək təsvirlərini bəyəndim. Bütövlükdə isə oxuduğum mətn mənə səmimi məsləhətlər və kövrək öyüd-nəsihətlə doldurulmuş cinayət məqaləsi təsiri bağışladı.
Xarici keçidlər: