Mətnə keç
Vüsal Aydın

Atmosferə uyğun mahnı qoy

Naiq Babayev

Rəy

Naiq Babayevin birinci kitabı “Kor nöqtə” məni nə qədər məmnun etmişdisə, ikinci kitabı o qədər kefimi pozdu. Məni ilk vuran, ətimi tökən, oxu zövqümü əlimdən alan məsələ müəllifin işlətdiyi ofis dili oldu. “Pleylist”, “slim fit”, “müzik-bar”, “kofeşop” kimi sözlər ürəkbulandırıcı dərəcədə çoxdur. Bununla müəllif hadisələri obrazın düşündüyü, danışdığı kimi ötürməyə çalışıb, ancaq bu, səmimi yox, sadəcə, çirkin alınıb. Əgər məqsəd şəffaflıq və səmimiyyət olsaydı, onda “zaryadka”, “uje”, “davay” kimi sözləri də olduğu kimi verməli idi. İndiki halda mətn saf yox, sadəcə, savadsız görünür. Naiq Babayevi tanımasaydım, bu gedişin qəsdən deyil, bilməməzlikdən olduğunu düşünərdim, ancaq bu belə qətiyyən xoş deyil. “Parlaq İmzalar” nəşriyyatında 2025-ci ildə çap olunmuş Azərbaycan ədəbiyyatının dili bu qədər kirli olmamalı idi.

Qətiyyən zövq ala bilmədiyim ikinci məsələ əsərin süjeti oldu. Sevgilisi tərəfindən tərk olunmuş, bütün günü pivə içən darıxdırıcı obrazın daxili aləmi boz və soyuqdur, bu bozluq və soyuqluq romana da hopur və adamı, demək olar ki, oxumağa qoymur. Həmçinin bu obrazın daxili aləminə getmək oxucuya heç bir dərinlik ötürmür, yəni obrazın daxilində hansısa mənəvi-fəlsəfi-psixoloji təlatümlər yoxdur. Sadəcə onu atıb gedən qadını axtarmaq üçün saatlarla internetdə qurdalanan, yaxınlıq etdiyi hamının necəsə bədbəxt olub öldüyü bir adamla iki yüz otuz beş səhifə keçirirsən.

Müəllif dünyaquruculuğunda müəyyən səhvlərə yol verir. Obrazımız, qısa desək, reklamçıdır və müxtəlif şirkətlərlə işləyir. Yaşayış kompleksi və xəstəxana üçün reklamlar hazırladığını bildirəndən çox az sonra “peşəkar sayılmaram, amma müştəriləri adətən qane edirəm” deyir. Dərhal sonrakı cümlədə işlədiyi bu irihəcmli müştəriləri unudaraq “kiçik büdcəli müştərilərin istəkləri sadə olur” kimi təsbit qoyur ortaya. Obraz nəsə bilirsə, mütləq onunla əlaqədar şirkətə reklam hazırlayıb deyə bilir. Görüşdüyü qadın telefondan taksi sifariş verir və o da təsadüfən həmin gecə üçün taksiyə çıxan atasının maşını olur. Belə-belə tutarsızlıqlar çoxdur.

Bundan başqa, mahnıya qulaq asıb pivə içməkdən və internetdə qurdalanmaqdan başqa heç bir bacarığını görmədiyimiz, axmaqlığı ucbatından dostlarının ölümünə səbəb olan bu obrazı nədənsə bütün azad ruhlu, açıq fikirli gözəl qadınlar sevməli olur.

Az qala hər sətirdə, hər abzasda boy göstərən türkizmlərə görə ayrıca əsəbiləşirdim. “Dərd olmaq”, “yetərincə”, “sıxıcı” və indi yadıma düşməyən (çünki unutmağa çalışıram) hədsiz çox türkcə ifadə var ki, romanı oxumağa qoymur. Bundan başqa, dialoqlarda “– soruşur içməyə yaşının düşdüyünü ümid etdiyim keçəl qız” kimi yersiz, lazımsız inversiyalar kitab boyu doludur.

Qısası, bu kitabdan çox şey gözləyirdim, tapmadım. Naiq Babayev kimi ciddi qələmin ikinci kitabı bu cür olmamalı idi. Bəlkə, düşünərsiniz ki, mən mahiyyətə varmadan, sadəcə dil-üslub tərəfini təhlil etdim, yox, bu kitabın süjeti və mahiyyəti də dil-üslubunun səviyyəsindən çox yuxarı qalxmır. Sonlara yaxınlaşdıqca bir az maraqlılaşır, daha doğrusu, dərinləşir, ancaq çox dayazdan bir az dərin olanda ona hələ də dərin demək olmur... Topuqdan olan dizə çatır, vəssalam.

Kitabda xüsusi yeri olan mahnılara da qısaca toxunmaq istəyirəm. Çünki doğrudan da, bu kitaba yaraşmayacaq qədər zövqlü mahnılardır və onlar kitabı az da olsa, irəli çəkir.

Naiq Babayev “təhlükəli” müəllifdir, ola bilsin, bu kitabı yazıb nələrdənsə “qurtulmaq” istəyib. Bir də görərik, elə kitabla qayıdar ki, “Kor nöqtə” belə kor nöqtədə qalar. Yekun olaraq təəssüratımı bir cümlə ilə tamamlamaq istəyirəm: “Atmosferə uyğun mahnı qoy” romanını oxuduğuma görə peşman deyiləm, ancaq oxumasaydım da, çox şey itirməzdim.

Daha çox oxu