Skip to content
Vüsal Aydın

Sonuncu istintaq

Vasif Zahidov

Review

Vasif Zahidovun “Sonuncu istintaq” romanını oxuyanda xoşum gəldi, acığım gəldi, əsəbim gəldi, ancaq ən çox heyfim gəldi. Kitabın əvvəlində gördüyüm imkanlarla sonunda gəlib çıxdığım yer arasında o qədər böyük fərq var ki, indi onun yaxşı cəhətlərindən danışanda belə, ardınca “amma” deməli oluram. Halbuki danışmağa dəyən yaxşı cəhətləri az deyil.

Roman diqqətimi “Gənclərin roman müsabiqəsi”ndə ikinci yeri tutması ilə çəkmişdi. İki hissədən ibarətdir: “Əsgər” və “Zinvor”. Birinci hissədə qırx dörd günlük müharibəni azərbaycanlı əsgər Əsgərin, ikinci hissədə isə erməni zabiti Zinvorun dilindən oxuyuruq. Müharibənin iki tərəfində duran insanların içində nələr baş verdiyini görmək imkanı özlüyündə maraqlıdır. Üstəlik, Vasifin qələmi var, cümlə qurmağı, ahəng yaratmağı bacarır. Ən xoşuma gələn cəhətlərdən biri də Azərbaycan dilində yazması oldu. Qəribə səslənir, bilirəm, ancaq müasir Azərbaycan romanı haqqında bunu ayrıca vurğulamaq lazım gəlir: müəllif dilimizi yersiz türk və rus ifadələri ilə doldurmayıb, fikrini öz dilimizdə deməyə çalışıb.

Proloq yaxşıdır. Müharibədən əvvəl əsgərləri incidən, lağa qoyan, layiq olmadıqları cəzaları verən Gizir Dəmirov döyüşdə öz canı bahasına əsgəri qəlpələrdən qorumağa çalışır. Bir insanın bir-birinə zidd görünən iki davranışı var burada və bu ziddiyyət obrazı maraqlı edir. Öləcəyini düşünən əsgərin son düşüncələrində kimə yer verəcəyini götür-qoy etməsi də xoşuma gəldi. Ailəsi, dostları arasında seçim etməyə çalışır, son anda kimi düşünməyin daha doğru olacağını axtarır. “Hər can özüylə nə qədər can aparır?” kimi cümlələrin üstündə isə dayanıb düşünmək istəyirsən. Müəllifin sözlə işləməyi bacardığı başqa yerlərdə də görünür: “Dan yeri sökülür, qan yeri tikilirdi”.

Müharibədən bəhs edən romanın müharibəni dəstəkləməməsi də ürəyimcə oldu. Ən azı, oxuduqca məndə yaranan ilkin təəssürat bu idi. Müəllif hərbi sistemdəki haqsızlıqlardan, əsgərin üzləşdiyi çətinliklərdən, zabit-əsgər münasibətlərinin gərginliyindən çəkinmədən yazır. Hərbi rejimin qaranlıq üzünü də göstərir. Bunları oxuyanda düşünürdüm ki, Vasif çətin bir mövzunu işləməkdən qorxmayıb və ortaya yaxşı roman çıxara bilər.

Ancaq müəllif oxucunun başa düşmək qabiliyyətinə, deyəsən, öz qələmindən daha az güvənir. Göstərdiyi şeyi bir də izah etmək, oxucunun gəlib çıxacağı nəticəni qabaqcadan demək ehtiyacı hiss olunur. Tramvay paradoksunu xırdalığına qədər açıqlayır, dəvədəlləyinin həyat tərzini, cinsi kannibalizmini izah edir, hərbi rejimlə mülki həyatı müqayisə edəndə də uzunçuluqdan qurtula bilmir. Obrazın nə yaşadığını görüb nəticə çıxarmaq istəyirsən, müəllif gəlib yanında dayanır, gördüyünü bir də başa salır. Bu izahatlar çoxaldıqca hadisənin, hissin, obrazın yerini məlumat tutur.

Ad məsələsində də eyni şey baş verir. Birinci hissənin qəhrəmanı Əsgərdir, ikincinin adı Zinvor. Bu paralelliyi qurmaq müəllifin seçimidir, ancaq hər iki adın qəhrəmanın taleyinə necə təsir etdiyini ayrıca izah etməyə nə ehtiyac var? Adı Əsgər olan da əsgərliyə gedir, Tural olan da, hətta adı Barış olan da. Burada adın insanın taleyini müəyyənləşdirdiyinə dair nə görürük ki, onun izahını da oxumalı olaq? Bədii seçim öz işini görmək əvəzinə özünü təqdim edib, nə üçün seçildiyini danışmağa başlayır.

Zinvorun öz adı barədə düşüncələri isə daha qəribədir. Səhifə 190-da adının özünə uyğunluğunu gec dərk etdiyini deyir, ardınca ermənicə zinvorun əsgər, döyüşçü mənasını verdiyini açıqlayır. Bir dəqiqə, bu adam erməni dilində düşünmür? Öz dilində düşünərkən sözün ermənicə mənasını kimə izah edir? Elə bil birinci hissədə Əsgər də dayanıb düşünəydi ki, axı Azərbaycan dilində Əsgər zinvor deməkdir. Burada artıq obrazın öz adı ilə münasibətini yox, Azərbaycan oxucusuna məlumat çatdırmaq istəyən müəllifi görürəm. Obrazın düşüncəsi müəllifin izahatına yol verməli olur. (Bu yazıdakı səhifə istinadları “TEAS Press” nəşriyyatının 2026-cı il birinci nəşrinə aiddir.)

Dil haqqında müsbət fikrimə baxmayaraq, söz təkrarları da az deyil. Xüsusən, “daxilimdə” sözü. Hisslər də daxildədir, düşüncələr də, baş verən hər şey elə hey daxildə baş verir. İçimdə, qəlbimdə, ürəyimdə demək imkanı ola-ola eyni sözün bu qədər təkrarlanması bir müddətdən sonra diqqəti hissdən yayındırıb onun ifadə olunduğu sözə yönəldir. Pafos da yerli-yersiz artırılır. “Ən qorxulusu da budur ki”, “Ən dəhşətlisi də bu idi ki” formasında girişlərdən sonra doğrudan da qorxulu, dəhşətli nəsə gözləyirsən, ancaq ardınca gələnlər bu gözləntini doğrultmur. Mətnin özünün vermədiyi gərginliyi “ən” sözü yaratmalı olur.

Bəzi fəsillərin əvvəlində QR kodlar qoyulub, həmin fəsli müəllifin YouTube-da paylaşdığı bəstəni dinləyərək oxumaq təklif edilir. Mənim üçün bu da işləmədi. Yutubdan qopub kitab oxumaq istəyirsən, kitab səni yenidən yutuba qaytarır, diqqət dağılır. Üstəlik, musiqi bir neçə abzas oxuyana qədər bitir, fəsil isə davam edir. Belə çıxır, müəllifin təklif etdiyi ahəngin ömrü də fəsildən qısadır. Bəstə ayrıca gözəl də ola bilər, ancaq romanın içində bu gediş mənə əlavə zövq vermədi, oxumağı böldü.

Tutarsızlıqlar, xüsusən, “Zinvor” hissəsində çoxdur. Səhifə 218-də atasının erməni tarixini öyrənməsindən, bu məfkurəni oğluna da aşılamağa çalışmasından danışılır, səhifə 230-da isə həmin atanın Zinvorun əlində kitab-dəftər görməyə dözmədiyini oxuyuruq. Atanın yalnız öz bəyəndiyi kitabları qəbul etməsi, oğlunun başqa mütaliəsinə qarşı çıxması mümkündür, əlbəttə. Ancaq bu fərq mətnin içində aydınlaşmalıdır; mən oxuyarkən həmin münasibətin məntiqini tuta bilmədim. Manuş Babayanın murdarlığından heç kimin danışmağa cəhd etmədiyi deyiləndən sonra zabitlərin onun meyit iyi verməsi barədə qeybətini oxumaq da oxşar sual doğurur. Otuz altı yaşlı Zinvorun cinsi əlaqə barədə on iki yaşlı uşaq təəccübü ilə danışması isə obrazın psixoloji inandırıcılığını azaldır. Hamısını sayıb sizi yormaq istəmirəm, çünki bunlardan daha ciddi bir məsələ var.

Hər iki hissədə qadın obrazı görürük. Azərbaycanlı qadın dünya gözəlidir, çiçəklər içində ən gözəl çiçəkdir, təmizlik, saflıq simvoludur. Erməni tərəfdəki qadın isə iyrəncdir, murdardır, qəddardır. Bu cür qarşılaşdırma mənə çox tanış gəldi. Seymur Orucun “Nikola Boneni Şərqə aparan hekayə” romanı haqqında yazanda da eyni məsələyə toxunmuşdum: biz tərəfdə mədəni, gözəl insanlar, o tərəfdə isə oxucuda ikrah oyatmalı olan məxluqlar. Bu, ədəbiyyatın belini qıran cığal gedişdir.

Əlbəttə, Vasifin təsvir etdiyi kimi qadın erməni ordusunda ola bilər. Eyni dərəcədə iyrənc, hətta ondan betəri bizim orduda da ola bilər. Yazıçı hər iki tərəfə eyni sayda yaxşı və pis adam bölüşdürməli deyil, ancaq obrazlarını fərdi xüsusiyyətləri ilə yaşatmalıdır. Erməni qadının pisliyi də, azərbaycanlı qadının yaxşılığı da öz həyatından, xarakterindən, seçimlərindən doğmalıdır. Buradakı qarşılaşdırmada isə qadınların özündən çox hansı tərəfə aid olduqları görünür.

Ermənini hər zaman ağzından selik axan, murdar qoxu verən əcayib varlıq kimi təsvir etmək bizi yaxşı yazıçı eləmir. Kitabımızı dünyaya çıxaranda da heç kim buna görə bizi alqışlamayacaq. Özü də məsələnin ən ciddi tərəfi bizim müəlliflərin çox vaxt nəzərə almadığı yerdədir. Məsələ nə azərbaycanlının könlünü xoş etmək üçün ermənini söyməkdə, nə də avropalını sevindirmək üçün onu tərifləməkdədir. Məsələ ədəbiyyatın gözündə nə dərəcədə yazıçı ola bilməkdədir. Yazıçının bütün obrazları, milliyyətindən asılı olmayaraq, onun personajlarıdır və müəllif hamısına qarşı eyni dərəcədə ədalətli olmalıdır.

Bu bölgü iki qəhrəmanın düşüncələrində də hiss olunur. Əsgər dövlət və dövlətçilik barədə susur, Zinvor isə öz dövlətini dayanmadan lənətləyir, Azərbaycan dövlətini tərifləyir. Ayrı-ayrı adamların belə düşünməsi mümkündür. Ancaq bir tərəfin öz dövlətini tərifləmək işi də o biri tərəfin zabitinə həvalə ediləndə, üstəlik, obrazların mənəvi keyfiyyətləri də həmin bölgüyə uyğun düzüləndə müəllifin qurduğu mənzərə həddən artıq rahatlaşır. Oxucuya düşünmək üçün az yer qalır. Kimə necə baxmalı olduğumuz bizim əvəzimizə çoxdan müəyyənləşdirilib.

Bununla belə, romanın bütün bu iradlardan daha ciddi problemi var: epiloq. Məncə, müəllif o hissəni yerli-dibli yazmasaydı, kitaba çox böyük yaxşılıq etmiş olardı.

Bundan sonrakı hissədə spoyler var, kitabı oxumayan və sonluğu bilmək istəməyənlər yazını burada saxlaya bilərlər.

Bax, problem buradadır.

“Zinvor” hissəsində gördüyümüz yeganə müsbət obraz Zinvorun özüdür. O da əsərin sonunda azərbaycanlı çıxır.

Əsər boyu Azərbaycan musiqisini araşdıran, tarixini öyrənən, azərbaycanlılara münasibəti dəyişən bir adamın yolunu izləyirik. Bu adamın erməni olması həmin yolun əsas mənasını yaradır: ona öyrədilənlərlə özünün öyrəndikləri arasında fərq görür, qarşı tərəfi tanıdıqca əvvəlki münasibətini dəyişir. İnsan haqqında, öyrənmək haqqında, düşüncənin dəyişə bilməsi haqqında roman üçün çox qiymətli imkan var burada. Sonra müəllif gəlib bildirir ki, sən demə, bu adam elə azərbaycanlı imiş.

Vasif sanki hər şeyi toplayıb, toplayıb, toplayıb, sonra mötərizəni bağlayıb hamısını sıfıra vurub və nəticə sıfır alınıb.

Azərbaycan övladının Azərbaycan tarixini öyrənib millətə simpatiya duyması, musiqisini sevməsi niyə təəccüblü olsun ki? Bu sonluqdan sonra Zinvorun əsər boyu keçdiyi yolun mənası dəyişir. Əvvəlcə düşünürdüm ki, müəllif bir insanın düşmən saydığı xalqı tanımaqla özünə öyrədilən nifrətdən uzaqlaşmasını göstərir. Axırda isə elə bir nəticə alınır ki, həmin xalqı sevən adamın özü də hökmən o xalqa mənsub olmalıdır. Zinvorun münasibətini dəyişə bilməsi, düşünməsi, öyrənməsi arxa plana keçir, mənşəyi qabağa çıxır.

Zinvor elə erməni qalsaydı, romanın həqiqi mənada dəyəri olardı. Azərbaycan musiqisini sevən erməni obrazının mövcudluğu bu musiqinin gücü haqqında da, insanın düşünmək bacarığı haqqında da sonluqdakı mənşə sirrindən qat-qat çox şey deyərdi. Müəllif isə özünün yaratdığı ən maraqlı imkanı əlindən verir. Başqa millətdən olan bir insanın vicdanına inanmaq üçün onun bizim millətdən çıxmasına ehtiyac olmamalıdır.

Proloqdakı Gizir Dəmirovu xatırlayıram: əsgəri incidən adam həmin əsgəri qorumaq üçün canını təhlükəyə atırdı. Orada bir insanın içində bir-birinə zidd davranışlar yanaşı yaşaya bilirdi. Sonluqda isə sanki bu mürəkkəbliyə yer qalmır. Erməni kimi tanıdığımız yaxşı adamı da azərbaycanlı edib məsələni həll edirik. Müharibənin ağrısını, insanın daxilindəki savaşı göstərən roman gəlib belə bəsit bir bölgünün içinə yerləşir. Epiloq mənim üçün kitabı romandan təbliğat vərəqəsinə, yaxşı ədəbiyyata açılan imkanları isə “Yeşilçam” sonluğuna çevirir.

Yeri gəlmişkən, Seymur Orucun adıçəkilən romanı da erməni-azərbaycanlı münasibətlərini oxşar bədiisizliklərlə işıqlandırırdı. O da, yəqin ki, tamamilə təsadüfən, “Gənclərin roman müsabiqəsi”ndə ikinci yeri tutmuşdu. Növbəti müsabiqədə ikinci yer tutmaq istəyənlərin nəzərinə. Üz qapağındakı şəklin süni intellektlə yaradılmağından şübhələnmli idim, mənim səhvim oldu.

Zarafat bir yana, bu romanın belə bitməsinə doğrudan da təəssüflənirəm. Vasifin gözəl cümlələri, müharibənin ağrı-acısını duyurmaq bacarığı, hərbi rejimin qaranlıq üzünə işıq tutmaq cəsarəti var. Elə buna görə sonluq məni bu qədər məyus etdi. Əvvəldən heç nə vəd etməyən kitabın sonunda itirəcəyin də çox olmur. Burada isə müəllifin öz əli ilə qurduğunu öz əli ilə korladığını görürsən.

Çox heyif.

Read more